SABAH tələbələri GoldenPay şirkətinin xüsusi təqaüdünə layiq görüldülər
TƏLƏBƏLƏR
23 Yanvar 2018Təhsil Nazirliyinin SABAH qruplarının Karyera Akademiyası çərçivəsində tərəfdaşı olan “GoldenPay” şirkəti SABAH tələbələri üçün xüsusi təqaüd ayırıb.
Təqaüd informasiya texnologiyaları və iqtisadiyyat ixtisasları üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub. Müsabiqədə iştirak etmiş 70-dən artıq tələbə arasından Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Fidan Sultanova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Azər Umudov və Azərbaycan Texniki Universitetinin tələbəsi Araz Məhərrəmli təqaüdə layiq görülüblər. Hər üç tələbə 3-cü kursda təhsil alır.
Qalib tələbələr 2017-2018-ci tədris ilinin sonunadək 150 manat məbləğində aylıq təqaüd əldə edəcəklər.
Qeyd edək ki, müsabiqə Azərbaycanda Hesab.az - ilk onlayn ödəmə xidmətini yaratmış “GoldenPay” şirkətinin təşəbbüsü ilə təşkil olunub. Şirkət eyni zamanda korporativ sosial məsuliyyət siyasəti çərçivəsində SABAH qrupları layihəsi ilə yaxından əməkdaşlıq edərək təhsilə mütəmadi töhfə verməkdədir.
SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsini, 6 ixtisas istiqaməti üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət) 40-dan artıq ixtisas və 2300-dən çox tələbəni əhatə edir.