XƏBƏRLƏR

SABAH İncəsənət Festivalı uğurla başa çatdı!

TƏLƏBƏLƏR

04 İyun 2025


2–3 iyun tarixlərində Gənc Tamaşaçılar Teatrında keçirilən SABAH İncəsənət Festivalı başa çatdı. Festival SABAH qrupları tələbələrinin iştirakı ilə təşkil olunaraq incəsənət, musiqi, teatr və memarlıq sahələrini bir araya gətirdi.


Açılış mərasimində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini və Sumqayıt Dövlət Universitetinin rektor əvəzi Əminağa Sadıqov çıxış edərək, SABAH qruplarının yaradıcılıq potensialını, tələbələrin sənətə yanaşmasını və bu kimi tədbirlərin əhəmiyyətini vurğuladı.


Festivalın ilk günü – 2 iyun tarixində Bakı Musiqi Akademiyasının SABAH tələbələrinin təqdimatında klassik musiqi proqramı təqdim olundu. Proqramda Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Sevda İbrahimova, Irving Berlin, Dmitri Şostakoviç və digər bəstəkarların əsərləri səsləndirildi. “Xarı Bülbül” xorunun, “Tonika” simli kvartetinin, “Barokko” simli ansamblının və vokal ifaçıların çıxışları böyük maraqla qarşılandı. 


Festivalın ikinci günü - 3 iyun tarixində isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH tələbələri dünya ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Frans Kafkanın "Metamorfoz" əsəri əsasında hazırlanan tamaşa ilə çıxış etdilər. 


Festival çərçivəsində qonaqlar Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti SABAH tələbələrinin hazırladığı rəssamlıq, bədii toxuculuq, xalça, keramika, dizayn və memarlıq layihələri ilə tanış oldular. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti SABAH tələbələrinin rəqs ifaları isə xüsusi maraqla qarşılandı.  


Eləcə də, festival çərçivəsində 30 may – 3 iyun tarixlərini əhatə edən və Türkiyənin Ufuk Planlama şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Bir Başqa Təhsil, Bir Başqa Şəhər” layihəsinin “Dayanıqlı Şəhər Layihəsi” üzrə multidisiplinar məkan planlaşdırma təlimləri təşkil olundu və tələbələrin hazırladığı memarlıq layihələri bu il təşkil olunan SABAH İncəsənət Festivalında uğurla nümayiş olundu. Təlimlərdə iştirak edən tələbələr urbanizasiya, davamlı inkişaf və şəhər planlaşdırması sahələrində biliklərini artırmaq imkanı əldə etdilər.


Qeyd edək ki, 160 tələbənin iştirak etdiyi festival, gənc yaradıcıların istedadını nümayiş etdirmək, fərqli sənət növlərini birləşdirən platforma yaratmaq və auditoriya ilə sənət arasında körpü qurmaq baxımından əhəmiyyətli uğura imza atdı.